We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xalis Xilas... - Pərvin yazır

3 0 0
15.12.2018

Bütün dünyadan küsdüyüm, hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin... Allah niyə lütf etdi səni, hələ də anlamıram?! Axı mənə elə gəlirdi ki, heç ömrümdə yer də yoxdu?!

Bütün sözlər deyilmişdi, hisslər yaşanmışdı, arzuların yerinə yetəni yetmiş, qalanları da mənasını itirmişdi. Daha dondurmanın vanilindən, kofenin qoxusundan ləzzət almaq ağlıma da gəlmirdi. Hansısa yeni hiss kəşf etməyə, yaxud ömrümə təzə adam buraxmağa həvəsim yox idi!!! Bəlkə əslində, sadəcə yaşamaq maraqsız idi!!! Amma...

***

Bir vaxt tanıdığım adamların ən dərini “Elə bilirəm səhradayam və məni heç kəs eşitmir!” - deyəndə təəccüblənmişdim doğrusu. Uzun-uzun düşünmüşdüm bu mövzuda! Nəticədə Amerika kəşf etmədim əlbəttə, amma onu bir daha anladım ki, müasir insanın aləmin bir-birinə qarışdığı, ünsiyyətin boydan, sözün boğazdan yuxarı olduğu zəmanədə ən böyük bəlasıdı bu! Hər şey var, amma heç nə yoxdu. Hərfi yazıdan piktoqrafik yazıya, “sevirəm” sözündən “ürək” işarəsinə keçmişik. Dünya genişləndikcə, yeni-yeni “ərazilər” açıldıqca hisslərimiz də “başını itirib”... Ümumdünya xeyirxahlıq günü, yaxşılıq günü, sevgililər günü, qucaqlaşma günü, yardım günü, daha nələrin-nələrin günləri var sadəcə, özləri çıxdaş olmaqdadı! Xaos, xəbər bolluğu, vay-şüvən içində havalanıb müasir adam! Yediyi yeməyi, görüşdüyü adamları, səfər etdiyi məkanları, qazandığı uğurları, hətta pulları, hətta yaşadığı sevgiləri hamı ilə paylaşır, “layk”ların sayından, “follou”ların miqdarından xoşbəxt olur, ancaq yenə tənhadı və özünü səhrada hiss edir. Fikir verin ha, kimsəsiz adada yox, məhz səhrada... Axı kimsəsiz adada bədə-bəddə dəniz var, vəhşi də olsa, təbiət var. Bu mənada Robinzon kefdədi! Səhrada isə gündüz yandıran, cızdağını çıxaran isti, gecə qanını donduran vahimə... Bir qurtum suya möhtac! Bax indiki bolluq zamanında adam niyə belə ovqatda olsun axı?!

Bağışla, məqsəddən uzaqlaşdım. Sadəcə halımı hiss etməyin üçün yazıram bunları... Onu deyirdim axı, bütün adamlar zamanla adiləşir, səninlə başqa cür oldu. Hər gün bir az daha yaxınlaşdıq, bir az da maraqlı oldun, bir az da dərinimə işlədin. Bilirsən, deyəsən, ömrüm boyu heç kəsin gözünün içinə belə uzun-uzun baxmamışam. Nə axtarıram gözlərinin dibində, bilmirəm. Elə hey baxıram və baxdıqca dünyadan qopuram... Bəlkə elə buna idi ehtiyacım........

© 525-ci Qəzet