We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Nəsimi şeirlərində pərdə və pərdənin ardındakılar

4 0 0
15.01.2019

“Nəsimi ili” dolayısınca keçmişə baş vurmağı, indiyədək bu müstəsna mütəfəkkirimiz haqqında arxadakı illər boyunca nələr yazdığımı aramağa başladım.

1970-ci illərdən, tələbəlik vaxtlarımdan Nəsimi ilə bağlı 30-dan artıq iri məqaləm olubmuş.

Hələ xırda yazıları və radio, televiziya verilişlərini qoyuram bir yana.

Hərçənd həmin kiçik yazıların arasında da bu gün dəyəri və tarixi mənası olanları varmış.

Nəsiminin indi hamıya görünən heykəlini mən ilk görənlərdənəm.

1973-cü il idi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakultəsində təhsil alırdım və elə birinci kursdan “Bakı” axşam qəzeti ilə əməkdaşlığa başlamışdım və hər gün, günaşırı orada xırda xəbərlərim, ayda 2- dəfə də nisbətən iri yazılarım dərc edilirdi.

Daimi apardığım rubrikalardan biri “Bu gün layihədir, sabah...” adlanırdı.

Bakılıların görməyə çoxdan alışdığı bir sıra sənaye müəssisələri, abidələr, tikililər haqqında həmin guşədəki yazılarımda mən ilk dəfə oxuculara soraq çatdırmışam.

“Bakı”nın Şəhər xəbərləri şpbəsinin müdiri mərhum Çingiz Hacıyev bir gün mənə ünvan verdi və dedi ki, get heykəltəraş İbrahim Zeynalovun emalatxanasına, danışmışam, səni gözləyir, hazırlanan Nəsimi abidəsi haqqında bir yazı hazırla.

O vaxt da indiki kimi Azərbaycan Nəsimi dalğasın köklənmişdi. Nəsimi sözlərinə bir-birinin ardınca gözəl musiqilər bəstələnir, şe`rlərinə illüstrasiyalar çəkilir, haqqında araşdırmalar qələmə alınırdı.

Tokay Məmmədovla İbrahim Zeynalovun yartdığı Nəsimi abidəsi də həmin təntənələrin ən diqqətəlayiq hadisələrindən olacaqdı.

İbrahim müəllimin emalatxanası ovaxtkı 1 may küçəsində, məscid binasında yerləşirdi.

İndiki hər kəsə bəlli heykəlin gips variantını birinci dəfə görəndə heyran qaldım.

Otağın içərisində heykəl sanki əslində olduğundan da böyük görünürdü, əzəməti ilə ilk baxışdanca insanı cəzb edirdi.

Beləcə, o abidə haqqında ilk yazının müəllifi mən oldum.

...Qət etdim ki, illər boyu yazdığım Nəsimi yazılarını yenidən oxuculara təqdim edim.

Həm illərcə bu şairlə birgə olmağım görünsün, həm də onları qovuşduracaq yeni hissələri də yazaraq bütöv bir kitaba döndərim.

Bilirəm ki, bu il ərzində, tələm-tələsik çoxlu təzə “Nəsimişünaslar” peyda olub bir ucdan xeyli basmaqəlib yazılar da ortaya qoyacaqlar.

Bu yolun köhnə, sadiq yolçularını isə yaxşı tanıyırıq.

Demirəm, mən Nəsimişünasam.

Amma həq halda Nəsimini sevənələrdən, həm də çoxdan sevənlərdən, müəyyən qədər də anlayanlardanam.

Nəsimidən isə gərək o kəslər yazsınlar ki, ən azı onu başa düşürlər.

Sizə Nəsimi haqda köhnə yazılarımdan birini təqdim edirəm.

İl boyu bu sıra davam edəcək.

Rafael HÜSEYNOV,

Akademik

NƏSIMİ ŞEİRERİNDƏ PƏRDƏ VƏ PƏRDƏNİN ARDINDAKILAR

Hər sadə insanın nitqi və yazısı sözlərin üzərində qurulduğu kimi, böyük ədiblərin də düşüncə və duyğuları ifadəsini elə hamı tərəfindən istifadə olunan sözlərlə tapır. Amma mühüm bir fərqlə ki, sadə insanların dilindəkindən fərqli olaraq, qüdrətli şairlərin qələmində həmin sözlər yeni-yeni rəng və çalarlar qazana, daha ağır məna yükü daşıya bilir. Və ayrı-ayrı kəlmələr sadəcə söz olmaq çərçivəsindən çıxaraq obrazlaşır, rəmzləşir, sanki müəyyən mənada proqramlaşdırılır.

Fikir və duyğu həqiqətləri ədəbi əsərdə tam dəqiq, elə həyatda olduğu kimi, güzgüdə əks olunan sayaq verilsəydi, şeir şeirliyindən aralanar, onun sehri, insanı heyrətləndirmək, valeh etmək keyfiyyəti də qeyb olardı.

Ona görə də orta çağ müsəlman Şərqinin şairləri, adətən, gözəlləri niqab, hicab ardında təsvir etdikləri kimi, düşüncə və duyğularını da daha çox bədiiləşdirərək, obrazlaşdıraraq çatdırmağa üstünlük vermişlər.

Bədii sözün ən mahir idarəedicilərindən olmuş, yalnız ədəbiyyat deyil, dil tariximizdə də müstəsna xidmətləri ilə ucalan, “aşiqlik sipehrinin mətlə-i eşqində tülu etmiş günəş” [7, 282] – Seyid İmadəddin Nəsiminin “Divan”larını vərəqlədikcə onun yaradıcılığında iri bir dəstə sözü seçdirmək lazım gəlir ki, onlar, bir tərəfdən, başqa kəlmələrə nisbətən daha sürəkli və çox işlənir, digər tərəfdən də, həmin sözlər şairin bütöv şeirində, beytində, ya misrasında əsas yükdaşıyıcı sütunlar vəzifəsini yerinə yetirir.

Nəinki hər sözdə, hətta sözləri yaradan hər hərfdə dürlü mənalar arayan, onları sabit simvollar kimi qəbul və təqdim edən hürufi Nəsimi, əslində, hər sözə də onun müstəqim mənasından qat-qat geniş içərisi olan bir fikir, hiss yuvası kimi baxırdı.

Məhz yaradıcılığının bu cəhəti Nəsiminin cazibəliliyini daha da artırmış, istər sağlığında, istərsə də müdhiş qətlindən uzun zamanlar keçəndən sonra onun gözəl sözü dəbdən düşməmiş, izlənilmiş, türk dünyasında təkkə şairlərinin mütəmadi və ən çox cavablar, nəzirələr yazdığı bir yaşarı miras kimi sevilmiş, bu ədəbi təqibetmə hətta XX yüzilin ortalarınadək sürmüşdür [3,104]. Lakin Nəsimidən bəhrələnmə yalnız təriqət şairlərinə xas olmamış, onun qabarıq təsiri türkdilli ədəbiyyatın bir neçə əsrində bir silsilə şairdə və bir çox ədəbi istiqamətdə görünmüşdür.

Nəsimi Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca həm taleyi, həm yaradıcılığının və ifadəsinin tərzi ilə nadir, oxşarsız bir hadisədir. Klassik müsəlman Şərqi poeziyası və poetikasının kamil bilicisi olmuş Əkrəm Cəfərin müşahidəsi dəqiqdir: “Nəsimi poetikasının şeirimizdə sabiqəsi yoxdur. Bu poetika tamamilə orijinal, Nəsimidən qabaq bizdə nümunəsi olmayan dil obrazları sistemidir. Bu cəhətdən də Nəsimi böyük novator olmuşdur. Böyük şairin poetik fərdiyyətini, bədii şəxsiyyətini, özünəməxsusluqlarını açmaq bizim filoloji elmimizin vəzifələrindəndir” [4, 4].

Bu fikir və Nəsimi poetikasının dərindən, gərəyincə öyrənilməsi niyyəti 1972-ci ildə səslənsə də, hələ ki Nəsimi aləminə arzulanan səviyyədə varid olmaq, ədəbi mirasını ona layiq yüksəklikdə araşdırmaq uğurundan uzaqdayıq.

Nəsimi şeirində lay-lay mənalar gizlidir və hər sözün nüvəsində bir başqa söz, onun da çəyirdəyində bir ayrı mətləb yerləşdirilib. Yəni bu sözü birbaşa anlamında da dərk edəriksə, misra, beyt, qitə özəl məna daşıyır, həmin kəlməyə hürufi, sufi, ya hansısa bir digər ictimai-siyasi gerçəyin müstəvisindən əl uzadarıqsa, rəng dəyişir, sözün də, onun daxil olduğu mətn parçasının da başqa daha dərin mənası və yozumu aşkarlanır.

Nəsimi qələmində davamlı olaraq zühur edən və xeyli dərəcədə şairin fəlsəfi aləmi, hissiyyat dünyasına açar sayıla biləcək belə sözlərdən biri “pərdə”dir.

Daha çox teatr anlayışı olsa da, poeziyaya münasibətdə məcazi mənada qavranılsa da, “pərdə”, əslində, incəsənətin hər sahəsində var. Sənəti sənət edən, ona sehr, cazibə, sirlilik........

© Teleqraf