We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

190 yaşlı həmdəmim: Tolstoy... - Pərvin yazır

8 0 0
05.11.2018

190 yaşı var imiş Tolstoyun... Bu ilin sentyabr ayında bütün zamanların və zəmanələrin ən böyük yazıçılarından birinin - Lev Nikolayeviç Tolstoyun 190 yaşı tamam oldu...

Təkcə rus yox, dünya ədəbiyyatı klassikinin istər bioqrafiyasına, istərsə də yaradıcılığına nəzər salanda rəqəmlər əhəmiyyətini itirir. Adama elə gəlir ki, o, həmişə 100 yaşında qoca müdrikliyi ilə yaşayıb, heç vaxt cavan olmayıb... Amma eyni zamanda, tərəddüd edirsən, elə isə necə olub ki, bu yüz yaşlı qoca hisslərin sehrini itirməyib, özünü gah uşağın, gah yeniyetmənin, gah müdrik ağsaqqalın, gah da çılğın aşiqin yerinə qoyub yazıb?! Bəli, yazıb, nəfəs dərmədən, yorulmadan... Düz 90 cild!!! Bu günlərdə rus tənqidçisi Lev Aninnskinin müsahibələrindən birində verdiyi adidən adi informasiya yerlə-yeksan etdi məni: 40 yaşımda Tolstoyun 90 cildliyini yenidən (yenidən e!) oxudum! Gizlətmirəm, paxıllıq elədim, utandığımdan yer tapmadım özümə, itirdiyim zamana heyifim gəldi... Amma sonra düşündüm ki, axı biz kitablara-cildlərə, təkrarsız əsərlərə doğru getdiyimiz kimi, onlar da bizə tərəf gəlməli, bizə toxunmalıdırlar. Peşəkarlıq iddiası olan adam üçün mütaliə həm də işdir, əslində, daha çox işdir və bu mənada uyğun zamanın, məkanın, yaşın, hətta ovqatın seçilməsi şərtdir. Şübhəsiz, bu “kövrək, həzin” bəyanatlarımla özümə bəraət qazandırmaq niyyətindən uzağam, sadəcə sevdiyim yazıçının, insanlıq tarixinə ən çox təsir etmiş şəxsiyyətlərdən birinin 190 yaşını öz bildiyim, duyduğum və anladığım yerə kimi “qeyd etməyimin” səbəbini açıqlamağa çalışıram...

Duyduğum, anladığım Tolstoy isə xilasdı! Ağrılardan, qorxulardan, hətta özündən belə xilas... Bəzən nəsihətamiz sözləriylə başına ağıl qoyan ağsaqqal birdən hisslərinə, düşüncələrinə, özünə belə etiraf etmədiyin əndrəbadi arzularına elə bir bəraət qazandırır ki, göyün yeddinci qatına qalxırsan və deyirsən yox, bütün hallarda yaşamaq lazımdı... Amma birdən də bütöv bir dünya içərisində heçliyini anlayırsan, söz-söz, cümlə-cümlə sökür (əslində qurur!), ən ibtidai halına qaytarır səni Tolstoy. Dünya neməti, məişət, maddiyyat heç olur gözündə, sadə birhüceyrəli orqanizm kimi bir stəkan suda da yaşamaq, kirli gölməçədən də oksigen “tapmaq” qüdrətini hiss edirsən! Bütün bunları Şərq Tolstoydan qat-qat qabaq edib şübhəsiz, sufizmlə, İlahi həqiqətə can atmaqla... Amma şərt necə deməkdi, bir də niyyət! Lev Nikolayeviçin isə yazıçı olmaq niyyəti yox idi!!!

TOLSTOY - ALLAH!

Yazıçının bioqrafiyasına nəzər salanda bir uşaqlıq xatirəsi seçdiyi böyük yolun başlanğıcı kimi diqqəti çəkir. Dörd balaca uşaq oyun oynayırlar, qardaşı Levi inandırır ki, bağçanı gəzib balaca yaşıl, sehrli çubuğu tapsa və o çubuqla kimə toxunsa, o adam xoşbəxt olacaq. Tolstoy uşaq vaxtı bu çubuğu necə axtarmasını həyəcanla təsvir edir və əsərlərini oxuduqca həmin həyəcanın onu sonacan tərk etmədiyini görürsən. Sanki bütün ömrü və yazdıqları məhz insanı, insanlığı xoşbəxt edəcək, işığa çıxaracaq sehirli çubuğun axtarışına sərf olunub. Və mahiyyətə varanda bu sehrli çubuq - İlahi həqiqətdən, ədalətdən başqa bir şey də deyil. Axı əslində, bütün sənətin, ədəbiyyatın niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə” salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq iddiası da başa düşüləndir. Tolstoyun isə dinlə, Allahla münasibəti fərqlidi... Çünki o, hər şeydən əvvəl azadlıq carçısı, təbliğatçısı, mücahididi. Az qala bütün əsərlərindən azadlıq ideyası qırmızı xətlə, bu və ya digər şəkildə keçir. 90 cildlik külliyyatında üçcə romanı olan yazıçı bu əsərlərin hər üçündə azadlıq haqqında düşüncələrini bir cür ifadə edir. “Hərb və Sülh”də Napoleonizm ideyasını izah etməklə kütlənin, xalqın bir adamın qərarları, iradəsi ilə heç zaman xoşbəxt olmayacağını sübuta yetirir. Həqiqətən Tolstoydan əvvəlki də, sonrakı da tarix bu fikri dönə-dönə təsdiqləyir. Və əslində, Tolstoy daha sonrakı zamanlarda Hitlerlərin, Stalinlərin liderliyinin insanlığa gətirəcəyi faciələri fəhm edib yazır. Çünki məhz XIX əsr rus ədəbiyyatı insanı bütün böyük ideyalardan və qələbələrdən öndə görürdü; Mixayıl Lermontov “Zəmanəmizin qəhrəmanı” romanında yazırdı ki, insan ruhunun, hətta ən kiçik ruhun belə tarixi bütöv millətin tarixindən daha maraqlı və faydalıdır. Fyodor Dostoyevski isə “Karamazov qardaşları”nda “bütün dünyanın xoşbəxtliyi günahsız bir uşağın yanağındakı bircə damla göz yaşına dəyməz” - yazırdı. Tolstoy isə az qala bütöv yaradıcılığını məhz bu ideyaları deyir və həmin düşüncələr onu hətta Allaha, əslində, kilsəyə qarşı da çıxarırdı. Bir sözlə, azadlığı məhdudlaşdıran nə varsa, yaddı ona, onun əleyhinədir.

Bütün zamanlarda kilsənin üzərinə düşən əsas vəzifə sadə adamlarla Allah arasında körpü yaratmaq olub, amma əslində belə idimi, yox! Tolstoy bunu gördüyü, anladığı üçün kilsəyə qarşı çıxırdı, Allaha asi olurdu. Yəni bir sözlə; fərqi yoxdur, kim boğur azadlığı - hökümət ya kilsə, Tolstoya düşməndi, heç fərq etməz kim idarə edir, Allah ya Napoleon, yaddı yazıçıya... Bu mənada Tolstoy İslamı dinlərin ən mükəmməli sayırdı, özü islamı qəbul etməsə də, islami dəyərlərə əsərlərində yer verirdi. Və bu təzadlı fikirlərinə görə incidilirdi, əsərləri senzuranın qayçısından keçirdi, hətta son anda jurnallardan səhifələr cırılırdı... Amma bununla belə, Tolstoyun İlahi varlığa, ədalətə aid düşüncələrini anlamağa çalışmağımız üçün “Etiraf” əsərindən bir parçanı gətirirəm:

“Bu məqamda mən özümə nəzər saldım, baş verənlərə diqqət etdim və bu cür yüz dəfələrlə ölüb dirilməyim yadıma düşdü. Yalnız Allaha inandığım anlarda yaşadığımı anladım. Əvvəl də........

© 525-ci Qəzet